ZƏRDABDA MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞLƏR KEÇİRİLİB
Zərdab Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 75-ci ildönümü münasibətilə rayonun müharibə veteranları ilə onların evlərində görüşlər keçirilmişdir. Məlumat üçün bildiririk ki, hazırda Zərdab rayonunda 2 nəfər müharibə veteranı, o cümlədən Bıçaqçı kənd sakini 1919-cu il təvəllüdlü Qurbanov Əhməd Məhəmməd oğlu və Şahhüseynli kənd sakini, 1924-cü il təvəllüdlü Əliyev Eynalı Hüseynalı oğlu yaşayır. Onlarla keçirilən görüşdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Asif Əhədov iştirak etmişlər. Müharibə veteranlarına Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi yubiley medalları, Rayon İcra Hakimiyyəti tərəfindən maliyyə yardımı, SHXÇDX-nin rayon bölməsi tərəfindən xatirə hədiyyələri təqdim edilmişdir.
Veteranlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.