ZƏRDABDA ELMİ PRAKTİK KONFRANS KEÇİRİLİB
03 may 2013-cü il tarixdə Zərdab rayonunun təhsil işçilərinin Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Natiq” şadlıq sarayında “Tarixi şəxsiyyətlər Tanrı yetirməsidir” mövzusunda elmi-praktik konfransı keçirildi. Konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak edirdilər.
Konfransı giriş sözü ilə Rayon Təhsil Şöbəsinin müdiri, filologiya elmləri doktoru Baba Babayev açaraq ulu öndərin həyat və fəaliyyəti haqqında məlumat verib, ümummilli liderin təhsilə qayğısından söhbət açaraq xatirələrini danışıb. O, Heydər Əliyevin böyük dövlət xadimi, təcrübəli və ustad siyasətçi, fenomenal hafizəyə və incə duyuma malik şəxsiyyət olmasından iftixar hissi ilə danışdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək bildirib ki, Azərbaycan tarixində dahi şəxsiyyətlər çox olub. Onlar fəaliyyətləri ilə xalqın yaddaşında bu gün də yaşayırlar. Bunların sırasında böyük zəka sahibi, nadir şəxsiyyət, nüfuzlu dövlət xadimi, millətin fədakar oğlu, ümummilli lider Heydər Əliyev ən yüksək zirvədədir.
Heydər Əliyev büllur kimi saf əməlləri ilə bütün ömrünü öz doğma xalqına bağışladığına görə dahilik zirvəsini fəth etmiş, Azərbaycan tarixinə öz şərəfli adını qızıl hərflərlə yazmışdır. “Nə qədər ki, Azərbaycan var, mən varam. Mən isə Azərbaycanda əbədi olacağam.” deməklə Ən Böyük Azərbaycanlı olan Heydər Əliyev xalqının və dünyanın qədirbilən insanlarının qəlbində həqiqətən əbədiyaşarlıq statusu qazanmışdır.
Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olmuşdur.
Qeyd edildi ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də özündən sonra xalqına layiqincə xidmət edə biləcək bir siyasi varis yetişdirməsidir. 2003-cü ildə və 2008-ci ildə Ulu Öndərin layiqli varisi İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi Heydər Əliyev yolunun düzgünlüyünü, Heydər Əliyev ideyalarının ölməzliyini, bu siyasi kursun möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilməsini bir daha təsdiqlədi. Məhz cənab İlham Əliyevin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir ki, hazırda real ümumi daxili məhsul 2003-cü illə müqayisədə 3 dəfədən çox artmış və respublikamız Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla, regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir.
Natiq Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bütün Azərbaycan xalqı kimi zərdablıların da qəlbində əbədi yaşayacağını vurğuladı.
Daha sonra söz konfransda iştirak edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə verildi. O, çıxışında Heydər Əliyevin Azərbaycan təhsili naminə həyata keçirdiyi xidmətləri vurğulayıb. Bildirib ki, Heydər Əliyevin işləyib hazırladığı strategiya əsasında Azərbaycanın müstəqil milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən elmi potensialının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət bu gün də əzmlə davam etdirilir.
Yığıncaqda çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərdən söz açdılar.