Şriftin ölçüsü :

Saytın rəngi :

Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır

19 iyun 2020 | 16:00
  • Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.
  • Erməni mətbuatı N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir.
  • N.Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı.
  • 14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirib.
  • N.Paşinyanın həmləsinə Çarukyanın cavabı gecikmədi, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Mətbuat qeyd edir ki, bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb.
  • 15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub.
  • 15 iyunda Baş Prokuror parlamentə müraciət edərək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırıldı.
  • N.Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər.
  • Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur.
  • Çarukyanın tərəfdarları 17 iyundaErmənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib.
  • Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.
  • Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi?
  • Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir.
  • Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur.
  • N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir.
  • Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. N.Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.
  • Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. N.Paşinyanın nəzarəti altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən N.Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz N.Paşinyan ötürmüşdür.
  • Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.
  • Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.
Keçidlər