ZƏRDABDA ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Zərdab rayonunda “Müstəqil Azərbaycan dövlətinin memarı” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin heykəli önünə əklil və gül dəstələri qoyublar. Ölkənin görkəmli alimlərinin, tanınmış ziyalıların iştirak etdiyi konfransda Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, “Nə qədər ki Azərbaycan var, mən varam. Mən isə Azərbaycanda əbədi olacağam” deyən ümummilli liderimiz misilsiz xidmətləri ilə xalqımızın qəlbində əbədiyaşarlıq statusu qazanıb. Onun ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa nail olub. Təsadüfi deyil ki, ölkəmizin tarixində 1969-1982-ci illər intibah və iqtisadi yüksəliş dövrü kimi səciyyələnir. Heydər Əliyev Moskvada yüksək vəzifədə fəaliyyət göstərərkən də doğma xalqına xüsusi münasibət göstərib. Məhz onun qətiyyəti, çoxşaxəli fəaliyyəti nəticəsində bir çox böyük əhəmiyyət kəsb edən layihələrin icrası Azərbaycana salınıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz xilaskarlıq missiyasını da şərəflə yerinə yetirib. 1994-cü ildə əsrin neft müqaviləsi imzalandıqdan sonra ölkəmiz uzunmüddətli iqtisadi inkişaf yoluna qədəm qoyub. Son illər Zərdabda 300-ə qədər müxtəlif təyinatlı obyektin istifadəyə verilməsi Heydər Əliyev iqtisadi siyasətinin uğurlu səmərəsidir. Rayon rəhbəri xüsusi vurğulayıb ki, 1978-ci ildə Kür çayının həddən çox qalxması ilə əlaqədar Ulu öndərin Zərdaba səfərini rayon sakinləri bu gün də minnətdarlıq hissi ilə xatırlayırlar. Konfransda Milli Elmlər Akademiyasının akademikləri Vasim Məmmədəliyev və Teymur Bünyadov “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir”, “Ulu Öndər Heydər Əliyev haqqında xatirələr” mövzularında məruzələr ediblər. Tibb elmləri doktoru Çingiz Cərullazadə isə Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərində danışıb. Daha sonra Heydər Əliyev parkında “Kitab bayramı” keçirilib. Burada müxtəlif adda 2000-ə yaxın kitab sərgilənib. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, klassik və şərq ədəbiyyatı nümunələri, uşaq nəşrləri, zərdablı yazarların əsərləri maraqla izlənilib. Zərdabda yubiley tədbirləri konsert proqramı ilə davam etdirilib.