Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunun Gödəkqobu kənd sakinlərinin bəzi internet saytlarında yayılmış iddialarına cavab

30 iyun 2020 | 16:00

Zərdab rayonunun bir sıra kəndlərinin sakinləri tərəfindən Rayon İcra Hakimiyyətinə məktubla və müxtəlif sosial şəbəkələr vasitəsilə  bələdiyyə torpaqlarının, o cümlədən ümumi istifadədə olan örüş torpaqlarının ayrı-ayrı şəxslər tərəfindən zəbt olunması və qanunsuz istifadə edilməsi barədə kollektiv müraciətlər daxil olmuşdur. Məlumat üçün bildiririk ki, bütün kəndlər ərazisində torpaqların zəbt olunması 2020-ci ilə kimi baş vermişdir. Vətəndaşların müraciətləri mütəxəssislər tərəfindən araşdırılmış və 18.02.2020-ci il tarixdə Rayon İcra Hakimiyyəti Başçısının 18 nömrəli sərəncamı ilə xüsusi komissiya yaradılmışdır.
Gödəkqobu kənd sakinlərinin kollektiv müraciətinə əsasən may ayında vətəndaşların ümumi rəyləri nəzərə alınmaqla 3 nəfər kənd sakinini cəlb etməklə komissiya tərəfindən araşdırmalar aparılmışdır. Komissiya ilk növbədə bələdiyyənin torpaq sahələrinə, o cümlədən ümumi örüş sahələrinə, sonra isə komissiyaya təqdim olunmuş sənədlərə (icarə müqaviləsi, mülkiyyət və icarə hüququnu təsdiq edən sənədlər və s.) baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, Gödəkqobu  bələdiyyəsinin mövcud xəritə  üzrə  (2004-cü  ildə  təsdiq  olunmuş) sahəsi 474,61 hektardır.
Ümumi örüş torpaqlarının 106,25 hektarı ümumi istifadədə saxlanılmışdır, hazırda boşdur və kənd əhalisinin istifadəsindədir.
Gödəkqobu bələdiyyəsi üzrə mövcud təbii sututarın 28,3 hektarı müqavilə əsasında balıqçılığın ikişaf etdirilməsi məqsədi ilə 3 nəfərin  istifadəsinə və icarəsinə verilmişdir. Həmin sututarların icarəyə verilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmaqla, şəhadətnamə ilə qeydiyyata alınmışdır. Hamıya məlum olduğu kimi bütün aran rayonlarında o cümlədən Zərdab rayonunda da suvarma suyunun verilməsində müəyyən çətinliklər vardır. Buna banmayaraq hazırda Gödəkqobu kəndində növbəlilik əsasında pambıq və yonca sahələrinin suvarılması təmin edilir. 
Hazırda zəbt edilmiş örüş sahələrinin və təbii sututarların boşaldılması ilə əlaqədar Gödəkqobu bələdiyyəsinə komissiya tərəfindən müvafiq göstərişlər verilmişdir. Zəbt olunmuş torpaq sahələrinin və sututarların (göllər) ayrı-ayrı şəxslər tərəfindən könüllü şəkildə boşaldılmayacağı təqdirdə müvafiq sənədlərin toplanaraq məhkəməyə müraciət edilməsi bələdiyyəyə tövsiyə olunmuşdur. Hazırda ayrı-ayrı fiziki şəxslər tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahələrinin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin tapşırığı ilə boşaldılması üzrə tədbirlər davam etdirilir.
Gödəkqobu kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı və bəzi internet saytlarında icra başçısı barədə yazılmış ifadələr böhtan xarakterli olmaqla heç bir hüquqi əsası yoxdur. Şər, böhtan danışan vətəndaşlar barədə Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırılacaqdır.  

Zərdab Rayon İcra Hakimiyyəti
Mətbuat Xidməti

Keçidlər