Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib

22 iyul 2020 | 16:00

Zərdab Rayon İcra Hakimiyyəti tərəfindən 22 iyul – Milli Mətbuat Günü münasibətilə ölkədə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla Zərdab rayonunda keçirilən tədbirə qatılan Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu, icra başçısı Mərdan Camalzadə və bir qrup ziyalı əvvəlcə rayondakı Həsən bəy Zərdabinin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Daha sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin ev-muzeyində maarifçi-publisistin həyat və yaradıcılığı ilə yaxından tanış olublar. Muzeyin direktoru Vəfa Bayramova tədbir iştirakçılarına milli mətbuatımızın banisi Zərdabinin həyat və yaradıcılığından və keçdiyi şərəfli yoldan danışıb. Zərdabi ideyalarını və “Əkinçi” ənənələrini yaşadan Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini bildirərək "Əkinçi” qəzetinin xalqımızın milli oyanışında, milli birliyin möhkəmlənməsində böyük rol oynadığını söyləyib.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva mətbuat nümayəndələrini bu əlamətdar gün münasibətilə təbrik ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri olub. Ulu Öndərin milli mətbuata göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Tədbir iştirakçıları sonra rayon rəhbərliyi ilə birlikdə Kür ətrafında yerləşən parkda və rayonda qısa müddətdə gedən tikinti, abadlıq, quruculuq və yaşıllaşdırma işləri, o cümlədən bir neçə ay ərzində müasir tərtibatda tamamilə yenidən inşa edilərək istifadəyə verilən Həsən bəy Zərdabi Parkı ilə tanış olublar.

Keçidlər