Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA 28 MAY RESPUBLİKA GÜNÜ QEYD OLUNDU

29 may 2013 | 15:00

27 may 2013-cü il tarixdə Zərdab şəhərində Heydər Əliyev parkında 28 May Respublika Günü münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etdi. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül və çiçək dəstələri qoydular.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev tədbir iştirakçılarını salamladı və 28 May Respublika Günü barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, yaranmasının 95-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qədim köklərə söykənən tariximizdə  müstəsna rolu  vardır. 1918-ci il mayın 28-də  Şərqdə ilk demokratik respublikanın həyata vəsiqə alması qədim dövlətçilik ənənələrinə malik xalqımızın milli oyanışının məntiqi davamı olmuşdur. Müstəqil Azərbaycan Respublikasında 28 May «Respublika Günü»nün böyük təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilmişdir. Xalqımızın zəngin dövlətçilik tarixində 95 il bundan əvvəl fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti xüsusilə önəmli yer tutur. Müsəlman Şərqində ilk parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail  olmuşdur.
Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan Xalq  Cümhuriyyəti cəmi 23 ay yaşayıb fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmağa layiq önəmli ənənələr miras qoymuşdur. Azərbaycan məkanında dünyada ilk demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun təməli qoyulmuş parlament idarəçiliyinin əsasları yaradılmışdı. Dövlətin başında  müxtəlif siyasi partiyaları, habelə etnik qrupları təmsil edən parlament və onun qarşısında hesabat verən hökumət dururdu. İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.
Azərbaycan ötən 95 il ərzində yetərincə inkişaf edib, müstəmləkə ölkəsindən dünya birliyinin layiqli üzvü, Avropada aparıcı  dövlət olmağa qədər uzanan böyük tərəqqi yolu keçmişdir. Şübhəsiz ki, bu tərəqqinin yaradıcısı Azərbaycan  xalqıdır. Lakin, Müstəqil Azərbaycanı bizə əmanət qoyub, ömrünü xalqına bağışlayan,  azad və demokratik Azərbaycanın memarı, qurucusu və yaradıcısı çox nadir istedad sahibi, ümummilli liderimiz Heydər Əliyevin vətəni, dövləti və xalqı qarşısındakı xidmətləri də misilsizdir. Azərbaycan tarixinin 34 illik bir dövrünün başlıca siması məhz Ulu Öndərimiz Heydər Əliyevdir. Müstəqilliyimizin 22-ci ilini yaşamasının, bu illər ərzində bir çox sınaqlardan uğurla çıxmasının, müstəqilliyimizin daimi, əbədi və sarsılmaz olmasının qarantı da məhz ümummilli lider Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik dövlət quruculuğu prosesi artıq 10-cu ildir ki, inamla davam  etdirilir.
Bir sözlə, Azərbaycan bu gün öz inkişafının əsl tərəqqi dövrünü yaşayır. Bu tərəqqi Zərdabdan da yan keçməmiş, son dövrdə Zərdabda nəzərəçarpacaq dərəcədə tikinti-quruculuq işləri görülmüş, insanların sosial problemlərinin həllinə diqqət və qayğı xeyli artırılmışdır.
Bütün görülən işlərə, Zərdaba və zərdablılara göstərdiyi diqqət və qayğıya görə zərdablılar əbədiyaşar Heydər Əliyev ideyalarını layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdardırlar. İcra başçısı sonda bir daha bütün rayon sakinlərini 28 May Respublika  Günü münasibətilə bir daha ürəkdən təbrik etdi!
Tədbirin sonunda “İstedadlar sorağında-2013” rayon baxış müsabiqəsi qalibləri mükafatlandırıldı və onlar geniş konsert proqramı ilə çıxış etdilər.

Keçidlər