MİLLİ QURTULUŞ GÜNÜ ZƏRDABDA DA QEYD EDİLİB
14 iyun 2013-cü il tarixdə Zərdabda 15 iyun Milli Qurtuluş günü münasibətilə ümumrayon yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra yığıncağın rəsmi hissəsi rayonun Heydər Əliyev Mərkəzində davam edib.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev vurğulayıb ki, Milli Qurtuluş Gününün 20-ci ildönümünü qeyd edən ölkəmiz ümummilli lider Heydər Əliyev qüdrətindən güc alaraq bütün çətinlikləri və problemləri dəf etmiş, demokratik, hüquqi və dünyəvi dövlət qurmuş, azad, müstəqil yaşamaq iqtidarında olduğunu bütün dünyaya sübut etmişdir. Natiq qeyd edib ki, zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, dünyamiqyaslı dahi şəxsiyyət, bu günlər anadan olmasının 90 illik yubileyi böyük təntənə ilə qeyd olunan ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə 1993-cü il iyunun 15-də respublikanın siyasi hakimiyyətinə rəhbərliyə yenidən qayıtması xalqımızın çoxəsrlik tarixinə dövlətçiliyimizin Qurtuluş Tarixi kimi daxil olmuşdur. Tamamilə təbiidir ki, sonralar, yəni 1997-ci il iyunun 27-də ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü «Milli Qurtuluş Günü» elan etmişdir. Dövlətimizin xilaskarı kimi yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dərhal ölkə qarşısında duran problemlərin həllinə başlamışdır.
Ümumrayon tədbirində çıxış edənlər bildiriblər ki, bu gün memarı ümummilli liderimiz Heydər Əliyev olan Müstəqil Azərbaycan dövləti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında xalqımızın sıx birliyi ilə daha firavan, daha xoşbəxt gələcəyə doğru inamla irəliləyir.