ZƏRDABDA DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI QEYD OLUNUB
Zərdab rayonunun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Dövlət qulluqçularının peşə bayramı münasibətilə təşkil olunan bayram toplantısında Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev “Xalqa və dövlətə layiqli xidmət örnəyi” mövzusunda məruzə edib. Bildirib ki, dövlətin daxili və xarici siyasətinin həyata keçirilməsində mühüm rol oynayan dövlət qulluqçularının peşə bayramlarının təsdiq edilməsi mühüm hadisə olmaqla, bu sahədə çalışan insanların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı müstəsna roluna verilən yüksək qiymətdir. Hər bir dövlətdə siyasi sistemin mahiyyətini onun dövlət məmurlarının fəaliyyəti formalaşdırır. Etimad göstərilərək irəli çəkilən dövlət məmuru yerində olanda, xalqın mənafeyi naminə əzmlə işləyəndə dövlət idarəçilik sisteminin seçki və işlək mexanizmlər üzərində qurmaq da asan olur. Azərbaycanın dövlətçilik tarixində böyük rolu olan ümummilli liderimiz Heydər Əliyev kadr seçimində təkcə ideya-siyasi, intellektual meyarlara deyil, eyni zamanda milli-mənəvi dəyərlərə əsaslanıb. Yüksək işgüzar, savadlı, qabiliyyətli və mənəvi keyfiyyətləri, əqidə təmizliyi ilə cəmiyyətə, dövlətə, inşalara xeyir verə biləcək istedadlı kadrların dövlət idarəçiliyində irəli çəkilməsi, onların səmərəli fəaliyyətinə imkan və şəraitin yaradılması məsələsi ulu öndərimizin dövlətçilik ideyasının başlıca məzmunu olub. Prezident İlham Əliyev də kadrların məsuliyyətinə, onların dövlət və ictimaiyyət qarşısında daşıdığı hüquqi, mənəvi öhdəliklər məsələsinə daim ciddi önəm verir. Bu gün Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası dövrün vəzifələrini həll etməyə qadir müasir, yeni təhsil və elm mərkəzi olmaqla dövlət quruculuğu prosesinin təkmilləşdirilməsi üçün kadrlar hazırlayır. Hazırda Zərdabda 12 təşkilatda 200 nəfərə qədər dövlət qulluqçusu fəaliyyət göstərir. Təkcə Rayon İcra Hakimiyyətində 30 nəfərdən dövlət qulluqçusu çalışır ki, onların da 60 faizini gənclər təşkil edir.
Toplantıda çıxış edən dövlət qulluqçuları onların əməyinə verilən qiymətə görə minnətdarlıq ediblər.
Sonda bir qrup fəal dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.