Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA POLİS ŞÖBƏSİNİN İNZİBATİ BİNASININ AÇILIŞI OLDU

28 iyun 2013 | 15:00

27 iyun 2013-cü il tarixdə Zərdab Rayon Polis Şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib. Yığıncaq iştirakçıları əvvəlcə şəhər mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar.

Daha sonra rəmzi qırmızı lent kəsilərək inzibati binanın açılışı rəsmən qeyd olunub.

Qonaqlar növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompüter sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına, Müvəqqəti Saxlama Təcridxanasına baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub.

Açılışda Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini cənab Əsgər Ələkbərov öz çıxışında Rayon Polis Şöbəsinin kollektivini və şəxsi heyəti təbrik edərək, onlara uğurlar arzulayıb.

Görülən işləri yüksək qiymətləndirən nazir müavini şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Nazir müavini Ə.Ələkbərov əmin olduğunu bildirib ki, Rayon Polis Şöbəsinin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev çıxış edərək qonaqları salamlamış, Zərdab Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılışı  və qarşıdan gələn 02 iyul Polis İşçiləri Günü münasibətilə bütün polis işçilərini təbrik edib. İcra başçısı əmin olduğunu bildirib ki, polis işçiləri qanunların aliliyinin təmin olunması, hüquqazidd əməllərin qarşısının alınması və ictimai asayişin mühafizəsinin təmin olunmasında bundan sonra daha səmərəli fəaliyyət göstərəcəklər.
 

Keçidlər