Şriftin ölçüsü :

Saytın rəngi :

İCRA BAŞÇISININ RAMAZAN TƏBRİKİ

08 avqust 2013 | 15:00

Əziz zərdablılar!
Sizi və sizin şəxsinizdə bütün zərdablıları müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Ramazan  bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşamaq fürsəti əldə edirlər.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.
Bildiyiniz kimi milli-mənəvi dəyərlərimizə hörmət və ehtiramın təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulubdur. Bu adət və ənənələrimizə hörmət hissi, milli-mənəvi və əxlaqi dəyərlərimizin qorunmasına diqqət və qayğı möhtərəm Prezidentimiz tərəfindən də uğurla davam və inkişaf etdirilir. Artıq Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur.
Azərbaycan xalqı uzun illər yad ideologiya və rejimlərin qadağaları şəraitində yaşamalı olsa da, heç vaxt tarixi köklərindən ayrı düşməmişdir. Milli adət və ənənələrini, dini etiqadını, inancını bu günümüzə qədər qoruyub saxlamışdır.
Uzun illərdir ki, xalqımız Uca Tanrının insanlar üçün hidayət yolu seçdiyi, müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu ayda mübarək bayramı böyük təntənə ilə qeyd edir, özünün ilahi kəlama, bəşəri ideyalara, milli-mənəvi dəyərlərə bağlılığını və sadiqliyini ürək açıqlığı ilə nümayiş etdirir.
Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Ramazan bayramı hər il böyük təntənə ilə qeyd olunur. Əminəm ki, builki Ramazan bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.
Əziz zərdablılar!
Bu müqəddəs bayram günlərində bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!

Keçidlər