Ailə ənənələrinin və dəyərlərinin təbliği məqsədi ilə tədbir keçirilib
16 yanvar 2024-cü il tarixdə Qaravəlli kənd tam orta məktəbində “Ailə dəyərləri və ənənələrini qoruyaq” mövzusunda müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirilib. Tədbir Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Gənclər və İdman Sektorunun və Zərdab rayon üzrə Gənclər evi SXM-nin iştirakı ilə təşkil olunub. Tədbirdə çıxış edənlər çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, xalqların inteqrasiyası, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri səbəbindən milli-mənəvi dəyərlərin aşınması, Azərbaycan ailə institutunun deformasiyaya uğraması, qurulan ailələrin dağılması faktının çoxalması problemlərindən söhbət açıblar. Nümunəvi ailə modelinin sevgi, hörmət, sədaqət, bir-birinə inam, güvən, dürüstlük, anlayışla qarşılama, səbr, dözümlülük kimi müsbət insani keyfiyyət sayəsində mövcud olmasını diqqətə çatdıran çıxışçılar iştirakçıları keçmişdən gələn ailə dəyərlərimizə sahib çıxmağa, ailə ənənələrini qorumağa çağırıblar. Həmçinin, azyaşlıların həyatında təhsilin önəmi və vacibliyi qeyd olunaraq, onların dərsdən yayınmaması üçün məktəb və valideyin həmrəyliyi mövzusunda söhbətlər aparılıb.