Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitutu tərəfindən maarifləndirici tədbir keçirilib

08 aprel 2026 | 16:22

Zərdab şəhər 1 saylı məktəb-liseydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən 2026–2027-ci tədris ili üzrə abituriyentlərin məlumatlandırılmaları məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə rayonun ümumtəhsil məktəblərinin direktorları, müəllimləri, yuxarı sinif şagirdləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev iştirakçıları salamlayaraq vurğulayıb ki, təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar, eyni zamanda, gənclərimizin yüksəkintellektli savadlı kadrlar kimi yetişmələri üçün həyata keçirilən tədbirlər dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mərkəzi Aran regional bölməsinin müdiri Natiq Əfəndiyev ölkəmizdə dövlətin dinə qayğısını, dövlət–din münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. N.Əfəndiyev dini sahədə aparılan maarifləndirmə işlərinin cəmiyyətin sabitliyinə mühüm töhfə verdiyini vurğulayıb. O, gənclərin radikal təsirlərdən qorunmasında düzgün dini biliklərin əhəmiyyətinə də diqqət çəkib.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. M.Mürsəlov Aİİ və Bakı İlahiyyat Kolleci haqqında geniş məlumat verərkən vurğulayıb ki, təhsil müəssisələrində qarşılıqlı etimada əsaslanan şəffaf müəllim–tələbə münasibətləri hökm sürür. Burada tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir. İnstitutun məqsəd və hədəfləri, ali təhsil müəssisəsində mövcud ixtisaslar barədə ətraflı məlumat verən prorektor Aİİ-də təhsilin bütün pillələri üzrə tədrisin həyata keçirildiyini qeyd edib.

Aİİ-nin rektor köməkçisi Emin Orucov İnstituta qəbul prosesinin təşkili, mövcud ixtisaslar haqqında geniş məlumat verib, müəssisəyə qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını nəzərə çatdırıb. E.Orucov daha sonra xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər