Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan İlahiyyat İnstitutunun din xadimləri ilə növbəti maarifləndirmə tədbiri keçirilib

08 aprel 2026 | 17:58

Zərdab şəhər “Cümə” məscidində Zərdab Rayon İcra Hakimiyyətinin və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə abituriyentlərin maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib. Rayon İHB Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Murad Həsənov ölkəmizdə dövlətin dinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu, dini etiqad azadlığının təmin olunduğunu və bu sahədə həyata keçirilən siyasətin cəmiyyətin sabitliyinə və inkişafına töhfə verdiyini vurğulayıb. Həmçinin qeyd edib ki, dini dəyərlərin qorunması ilə yanaşı, onların düzgün təbliği istiqamətində aparılan işlər mühüm əhəmiyyət kəsb edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mərkəzi Aran regional bölməsinin müdiri Natiq Əfəndiyev çıxışında dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini qeyd edib. O bildirib ki, gənclərin dini bilikləri düzgün mənbələrdən əldə etməsi onların radikal və zərərli təsirlərdən qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, milli və dini dəyərlərin düzgün təbliğinin cəmiyyətin sağlam inkişafına töhfə verdiyini vurğulayıb. Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov çıxışında milli və dini kimlik məsələlərinə toxunub. O bildirib ki, gənclərin sağlam milli və dini kimlik əsasında formalaşması cəmiyyətin gələcəyi baxımından xüsusi önəm daşıyır. M.Mürsəlov İnstitutda tətbiq olunan məzhəblərüstü tədris modelindən bəhs edərək, tələbələrə fərqli dini yanaşmaların obyektiv və elmi əsaslarla öyrədildiyini nəzərə çatdırıb. Daha sonra təhsil pillələri, mövcud ixtisaslar və tələbələr üçün yaradılan akademik imkanlar barədə ətraflı məlumat verib. Aİİ-nin rektor köməkçisi Emin Orucov İnstituta və Bakı İlahiyyat Kollecinə qəbul prosesinin təşkili, mövcud ixtisaslar haqqında geniş məlumat verib. Bu təhsil müəssisələrinə qəbul olmuş hər bir abituriyentin dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan yararlanacağını nəzərə çatdırıb. E.Orucov daha sonra xarici dillərə yiyələnmək imkanları, təqaüd proqramları, tələbələrin sosial həyatı haqqında da ətraflı danışıb. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Keçidlər