Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib
Zərdab rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin doğum günü ilə bağlı ümumrayon tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən Heydər Əliyev parkında Ulu öndərin rayona səfərlərini əks etdirən fotosərgiyə, məktəblilərin rəsm və əlişlərinə baxış keçirilib.
Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyaşar şəxsiyyət” adlı video çarx nümayiş olunub. Filmdə Ümummilli Lider Heydər Əliyevin həyatından, azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, onun irimiqyaslı və çoxşaxəli dövlətçilik fəaliyyətindən, həmçinin Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin müstəqilliyini möhkəmləndirməsi, beynəlxalq aləmdə Azərbaycanın rolunun və nüfuzunun artırmasından, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Qarabağın işğaldan azad edilməsi və hazırda orada gedən quruculuq işlərindən bəhs edilib.