Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib

12 dekabr 2025 | 16:29

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, din xadimləri, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz, uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Azərbaycan xalqı Ümummilli Liderinin əziz xatirəsini qəlblərində yaşadaraq onun ölməz ideyalarının həyata keçirilməsi uğrunda Dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında daha sıx birləşmişdir. İllər keçsə də dahi rəhbərin Azərbaycan xalqının tərəqqisi, dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi naminə gördüyü mühüm işlər, xalqı və vətəni qarşısında misilsiz xidmətləri hər bir azərbaycanlıda qürur və iftixar hissi yaradır. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan  yüksəlişə və dinamik inkişafa nail olub. Dövlət başçısının rəhbərliyi ilə görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Hər birimiz Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsinin və Şanlı Qələbə tarixinin şahidi olmaqdan qürur duyuruq. Ulu Öndər Heydər Əliyev siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu artırır.

Daha sonra Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu və Azərbaycan xalqının yeni əsrə, yeni minilliyə məhz Ulu öndər Heydər Əliyev zəkasının işığında qədəm qoyduğunu bildirib.

Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub. Saat 17:00-da isə Ümummilli Liderin Anım günü ilə əlaqədar Zərdab şəhərindəki “Kür” şadlıq sarayında 280 nəfərin iştirakı ilə ehsan təşkil olunacaqdır.

Keçidlər