Birinci Qarabağ müharibəsində şəhid olmuş Abbasov Abuzər Tənzil oğlu dəfn edilib
Birinci Qarabağ müharibəsində şəhid olmuş, Zərdab rayonunun Yuxarı Seyidlər kənd sakini Abbasov Abuzər Tənzil oğlunun şəxsiyyəti müəyyən olunaraq nəşinin qalıqları ailəsinə təhvil verilib. O bu gün doğulduğu Yuxarı Seyidlər kəndində dəfn olunub. Qeyd edək ki, Abuzər Abbasov 1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. 1972-ci il təvəllüdlü A.Abbasov 31 ildir ki, itkin elan edilmişdi. Şəhidin yaşadığı Yuxarı Seyidlər kəndində onunla vida mərasimi təşkil olunub. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhidin doğmaları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb. Nəşin üzərinə örtülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına verilib.