“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Zərdab rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, YAP Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və sonra Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrin müqaviləsi” adlı video çarx nümayiş olunub.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə 20 sentyabr 1994-cü il tarixinin əhəmiyyətini vurğulayaraq, Gülüstan sarayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə "Əsrin müqaviləsi"nin imzalanmasını ölkəmizin uğurlu inkişaf tarixinin ən önəmli hadisələrindən olduğunu qeyd edib. Bu tarixi hadisənin Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından məhz 1 il sonra baş verdiyinə diqqət yetirərək, "Əsrin müqaviləsi” ilə müstəqilliyini möhkəmləndirən Azərbaycanın öz sərvətlərinə tam sahib olduğunu, Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bütün dünyaya nümayiş etdirərək, Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradaraq xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açıldığını bildirib. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli liderin siyasi kursunu uğurla davam etdirir. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılmış tarixi zəfərin təməli məhz “Əsrin müqaviləsi” imzalandığı gün qoyulmuş və bu zəfər ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.
Daha sonra Milli Məclisin deputatları Jalə Əliyeva və Elman Nəsirov çıxış ediblər. Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir və Azərbaycan xalqı yeni əsrə, yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 ilə yaxın müddətdə Azərbaycanın inkişafına verilən töhfələr, ölkəmizin əldə etdiyi yüksək iqtisadi nailiyyətlər, neftdən əldə olunan gəlirin qeyri-neft sektorunun inkişafına yönəldilməsi neft strategiyasının uğurlu icrasının nəticəsidir.