“Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib
29 dekabr 2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin inzibati binasında “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev ili” elan olunmuşdur. 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması Ulu Öndərimizin əziz xatirəsinə ehtiramın ali nümunəsidir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən bütün tədbirlərdə əbədiyaşar Öndərimizin siyasi fəaliyyətinin hər bir mərhələsinə nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsillərə ötürülməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrində keçirilən mərasimlərdə rayon gənclərinin çox fəal iştirak etdikləri, bölgə və respublika üzrə müsabiqə, festival və idman yarışlarında mükafatlar qazandıqları vurğulanıb. Sonda “Heydər Əliyev İli” çərçivəsində müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilib.