İcra Hakimiyyətinin Başçısı ərazilərdə ipəkqurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda xeyli iş görülmüş və bunun nəticəsidir ki, son illərdə Zərdab rayonu barama tədarükü sahəsində respublikada ən yüksək göstəriciyə nail olmuşdur. Ötən il rayonda 52 tondan çox barama tədarük olunmuşdur. Cari ildə də bu sahədə yüksək nəticələrə nail olmaq üçün rayon icra hakimiyyətinin rəhbərliyi altında kümçülər səylə çalışırlar. 2024-cü ilin məhsulu üçün kümçülərə 820 qutu ipəkqurdu toxumu paylanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri mütəmadi olaraq rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olur, yemlə təminatında yaranan çətinlikləri aradan qaldırmaq üçün kümçülərə müvafiq köməkliklər göstərirlər. İcra Başçısı tərəfindən bu gün İsaqbağı, Qaravəlli, Şəftəhal kəndlərində kümxanalara baxış keçirilmişdir.