Şriftin ölçüsü :

Saytın rəngi :

Jalə Əliyevanın 2024-cü il dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı 3 noyabr 2023-cü il tarixində etdiyi çıxış

07 noyabr 2023 | 15:52
Öncəliklə səhiyyə ilə bağlı danışmaq istəyirəm. Bu gün Azərbaycan səhiyyəsi həqiqətən qürurverici bir səviyyəyə çatıb. Tibbin ayrı ayrı sahələrində əldə edilən uğurlarla fəxr edə bilərik. Eyni zamanda bundan cəmi bir neçə il əvvəl ölkədə tətbiq edilməyə başlanan və getdikcə arealı böyüyən icbari tibbi sığorta ölkə boyu böyük uğurla həyata keçirilir. Xidmətlər zərfi genişlənir. Əhalinin məmnunluğu artır. İcbari Tibbi Sığortanın fəaliyyəti ölkədə insan amili, insan kapitalı konsepsiyasının növbəti uğurudur. Bununla belə, sığorta fəaliyyətinin daha da təkmilləşdirilməsi, xəstələrin dərman vəsaitləri ilə təminatının artırılması və sığortalı müalicə sahələrinin genişləndirilməsi üçün Sığorta Fondu vəsaitlərinin artırılmasına ehtiyac var.
Toxunacağım dugər əhəmiyyətli məsələ təhsillə, konkret olaraq yeni məktəblərin tikintisi ilə bağlıdır. Məlumdur ki, ölkəmizdə çox yüksək standartlı məktəblər tikilir, təmir edilir. Lakin öz növbəsini gözləyən məktəblərimiz də çoxdur. Təqribi statistikaya baxsaq hər rayonumuzda hər il orta hesabla bir məktəb inşa vəya təmir edilir. Bu statistikanı rayonlarımızda yenidən inşa və əsaslı təmirə ehtiyacı olan məktəblərin sayına vursaq, o zaman mövcud mənzərə tam ortaya çıxar. Məsələn, mənim deputatı olduğum Zərdab rayonunda hazırda ən az 15 məktəbin əsaslı təmirə və ya yenidən tikintiyə ehtiyacı var. O zaman məntiqlə belə çıxır ki, həmin siyahıda son sırada gələn məktəblər ildə bir məktəb tikintisi prinsipi ilə 15 il gözləməli olacaqlar. Lakin vaxt gözləmir. Həmin məktəblərdə təhsil alan gələcəyimiz də gözləmir. Bu uşaqların layiqli bir vətəndaş kimi böyüməsi, tam biliklərə yiyələnməsi üçün bütün məktəblərin müvafiq şəraiti olmalıdlr. Və bu sahədə də işlərin intensivləşdirilməsi üçün daha çox vəsait ayrılması vacibdir.
Digər bir məsələ də yenə uşaqlarımızla bağlıdır. Söhbət kimsəsiz, atılmış, evsiz eşiksiz uşaqlardan gedir. Bu qəbildən uşaqlar həqiqətən cəmiyyətimizin ağrılı yeridir. Doğrudur, onlar dövlətin himayəsindədirlər. Lakin həmin uşaqların tam yetişməsi, tam vətəndaş kimi böyüməsi üçün düşünürəm ki, bu sahəyə həm vəsait, həm də diqqət daha da artırılmalıdır.
Bu məsələnin davamı kimi internatlarda, uşaq evlərində təhsil alan, böyüyən kimsəsiz uşaqların, məzunluqdan sonrakı dövlət təminatlarına toxunmaq istəyirəm. Onların postinternat taleyi, işlə tənin olunmaları, ixtisasa yiyələnmələri, evsizlik problemlərinin həll olunması kimi məsələlər mövcuddur. Bildiyimiz kimi, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu qəbildən olan gənclərimiz üçün evlər inşa edilib. Bu nümunəvi ənənənin əlaqədar qurumlar tərəfindən davam etdirilməsi və bu qəbildən olan gənclərimizin ev, peşə təhsili, ali təhsil və işlə təmin edilməsini əhatə edəcək layihələrin hazırlanması həm sağlam gəncliyin formalaşması və həm də insani baxımdan əhəmiyyətlidir.
Söz uşaq və gənclərdən düşmüşkən, əslində bu gün profil komitənin iclası olmasa da, bir neçə kəlmə ilə gənclər və idman sahəsi ilə bağlı fikirlərimi biıdirmək istəyirəm. Yeniyetmə və gənclərin idman hazırlığının gücləndirilməsi ölkəmizdə prioritet bir sahədir. Bu sahəyə dövlət böyük diqqət ayırır. Lakin bununla belə hələ də rayonlarda təmirsiz, bərbad vəziyyətdə olan stadionlar var. Məsələn mənim deputatı olduğum Zərdab rayonunda mərkəzi stadion son dəfə bundan 18 il əvvəl bizim təşəbbüsümüz və iştirakımızla cari təmir edilmişdir. Uzun illərdən bəri həmin stadionun əsaslı təmiri maliyə çatışmazlığı səbəbiylə növbə gözləyir. Rayon gənclərinin idmana olan böyük həvəsi və vətəndaşların davamlı tələbləri rayon icra hakimiyəti tərəfindən nəzərə alınaraq, vəziyyətdın çıxış yolu kimi, ötən il rayonda daxili imkanlarla mini futbol meydançası inşa edildi. Lakin bu dəfə də həmin meydançanın yaşıl örtüyünün əldə edilməsinə köməklik göstərmələri üçün Gənclər və İdman Nazirliyinə etdiyimiz müraciət yenə maliyə vəsaitinin çatışmaması ucbatından müsbət həllini tapmadı. Ona görə də, bu kimi hətta ən elementar məsələlərin belə həllində çətinliklərin yaranmaması üçün bu sahəyə ünvanlı vəsaitlərin ayrılması məqsədəuyğun olardı.
Keçidlər