“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər Günümüz: Milli və dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib
Noyabrın 20-də Zərdab Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, şəhid ailələrinin üzvlərinin, qazilərin, din xadimlərinin və ictimaiyyət nümayəndələri iştirakı ilə Heydər Əliyev Mərkəzində “Zəfər Günümüz: Milli və dini həmrəyliyin təntənəsi” mövzusunda tədbir keçirilib.
Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
DQİDK-nin Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev Zəfər Gününün əhəmiyyətindən danışıb, qələbənin milli və dini həmrəyliyin nəticəsi olduğunu qeyd edib. Ə.Rəfiyev vurğulayıb ki, dövlətin dini və mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasət cəmiyyətdə sabitliyin və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir.
DQİDK-nın Dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümbətov çıxışında qeyd edib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qürur və iftixar günü kimi yazılıb. Bu qələbə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalqımızın birliyi nəticəsində əldə olunub. V.Hümbətov vurğulayıb ki, dövlət başçısının uzaqgörən siyasəti sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edilib. Bu gün hər bir azərbaycanlı qalib xalqın nümayəndəsi kimi fəxr hissi keçirir. V.Hümbətov Zəfər Gününün milli qürurun, dövlətçiliyə sədaqətin və xalq-dövlət birliyinin rəmzi olduğunu qeyd edib.
Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov bildirib ki, bu yaxınlarda biz müasir Azərbaycan dövlətçiliyinin tarixində xüsusi yeri olan əlamətdar bir günü – Zəfər Gününü böyük qürur və dərin ehtiramla qeyd etdik. Zəfər Günü Azərbaycan xalqının əsrlər boyunca keçdiyi çətin, lakin şərəfli yolun məntiqi nəticəsi, tarixin bizə bəxş etdiyi ədalətin bərpasıdır. Bu qələbə milli ruhumuzun, Vətən sevgimizin, əsgər və zabitlərimizin fədakarlığının və ən əsası, xalq-dövlət birliyinin sarsılmazlığının parlaq nümunəsidir.
YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov çıxışında 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzdən, torpaqlarımızın işğalından və bir milyondan artıq soydaşımızın didərgin düşməsindən danışıb. O qeyd edib ki, 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyi, ordumuzun rəşadəti və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində Zəfərlə nəticələnib. Zəfər Günü Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun və Prezident İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir.
Şəhid Rəhim Hüseynovun atası Qədir Hüseynov, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov Zərdab Rayon Ağsaqqallar Şurasının sədri Rasim Hüseynov, eləcə də Alıcanlı kənd Məscidi dini icmasının sədri və imamı Aqil Mehdiyev çıxışlarında Zəfər Gününün gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildiriblər. Eyni zamanda natiqlər şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs ediblər. Natiqlər diqqətə çatdırıblar ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və onların ailələrinə göstərilən dəstək dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.






