Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Jalə Əliyeva Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən ictimai dinləmədə deputatı olduğu Zərdab və Ucar rayonlarının su və kanalizasiya məsələlərini diqqətə çatdırıb

01 mart 2024 | 12:09
Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə keçirilib. Millət vəkili, Milli Məclisin Ailə, qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva dinləmədə iştirak və çıxış edərək, deputatı olduğu Zərdab və Ucar rayonlarının su və kanalizasiya məsələlərini diqqətə çatdırıb, mövcud problemlərin həlliylə bağlı təkliflərini verib, eyni zamanda bu sahəylə bağlı suallarını ünvanlayıb:
"İlk növbədə bu dinləmənin baş tutması üçün irəli sürdüyü təşəbbüsə və göstərdiyi dəstəyə görə hörmətli Sahibə xanıma təşəkkür etmək istəyirəm.
Biz cənab prezident İlham Əliyevə bütün dünyada mövcud olan və Azərbaycandan da, təəssüflər olsun ki, yan ötməyən qlobal su probleminin həlli yönündə verdiyi sərəncamlara, rəhbərliyi altında hazırlanan ciddi layihələrə görə təşəkkür edirik. Bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımlardan, ciddi layihələrdən biri də Dövlət Su Ehtiyatları Agentliyinin yaradilması idi. Agentliyin sədri təyin edilmiş Zaur müəllim bu sahədə peşəkar kadrdır. Və bu gün Agentlikdə bu sahədə mövcud olan problemlərin sadəcə texniki deyil, birinci növbədə elmi və nəzəri cəhətdən əsaslandırılmış şəkildə həll edilməsi üçün əhəmiyyətli addımlar atılır.
Bildiyiniz kimi, mən Aran rayonunlarını təmsil edirəm. Biz Zərdab və Ucar rayonlarında içməli su təminatı məsələsini ötən illər ərzində istər Nazirlər Kabinetinin illik hesabatları zamanı, istər büdcə müzakirələrində, istərsə də gündəmlə bağlı məsələlər çərçivəsində dəfələrlə qaldırmışıq. Zərdab rayonunda modul tipli bulaqların quraşdırılması sayəsində, doğrudur burada qeyd edildiyi kimi həmin bulaqlar ölkə üzrə özünü tam doğrultmasa da və yeni bir sistemə ehtiyac olsa da, bu problem müəyyən ölçüdə öz həllini tapıb. Amma içməli su problemi hələ də Ucar rayonunun deputatı olduğum Xələc, Lək, Bərgüşad kəndlərində qalmaqdadır.
Bu gün ən əsas toxunmaq istədiyim məsələ əkin sahələrinin suvarılması ilə bağlıdır. Belə ki, əkin sahələrinin su təminatında problemlər davma etməkdə və böyüməkdədir. Mən susuzluqdan xüsusilə əziyyət çəkən kəndləri sadalayacağam.
Zərdab rayonunun Çallı, Məlikumudlu, Təzəkənd, Dəkkəoba, Gəndənbil, Ağabağı, Şahhüseynli, Əlvənd kəndlərinin və Ucar rayonunun Xələc, Lək, Bərgüşad kəndlərinin əkin sahələrinin suvarılmasında mövcud olan problemləri daha əvvəllər də diqqətə çatdırmışıq. Və təkliflərimizi daha əvvəlki illərdə vermişik. Həmin təklifləri bu gün bir daha səsləndirmək istəyirəm. Zərdab rayonunun Körpükənd, Gödəkqobu, Məmmədqasımlı kəndlərinin su təminatı üçün həmin bölgədə keçmiş ÇTZ adlanan kanalın əsaslı təmirinə ehtiyac var. Həmin kanalın keçmiş yatağı əsaslı təmir edilərsə, yay fəslində Qarasu çayında su çatışmazlığı aradan qalxar və eyni zamanda Xamməmmədli, Hüseynxanlı və Salahlı kəndlərinin su təminatı bərpa edilmiş olar.
Eyni zamanda mən iki məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Zərdab rayonunun Çallı, Məlikumudlu, Təzəkənd, Qoşaoba kəndlərinin əkin sahələrinin suvarılmasında mövcud olan problemləri həll etmək üçün Qızlıq adlanan kanalın beton örtüklə əsaslı təmiri layihəsi bir neçə ildir hazır olsa da, vəsait olmaması səbəbilə bu məsələ ləngiyir. Eyni zamanda Şahhüseynli, Əlvənd və Otmanoba kəndlərinin də su təminatı üçün layihə sənədləri hazırlansa da, maliyyə vəsaiti səbəbindən bu problem də öz həllini tapmamışdır.
Mən rayonun çox əhəmiyyətli problemi olan kanalizasiya sisteminin qurulması ilə bağlı vacib məqamları mütləq bildirməliyəm. Xahiş edirəm, mənə çıxış üçün əlavə vaxt verin. Diqqətinizə çatdırmaq istəyirəm ki, Zərdab rayonunun kanalizasiya məsələsini biz uzun illərdir ki, qaldırırdıq. 2009-cu ildə nəhayət rayonda kanalizasiya xəttinin inşaatı işləri başladıldı. Lakin çox təəssüf olsun ki, inşaat işləri cəmi bir neçə aydan sonra bizə bu gün də məlum olmayan səbəblərlə dayandırıldı və bu günə qədər heç birirəliləyiş yoxdur, işlər davam etdirilmir. Nazirlər Kabinetinin ötən ilki Hesabatında qeyd edilirdi ki, Zərdab şəhərində kanalizasiya sisteminin yenidən qurulması məqsədilə tikinti-quraşdırma işlərinin icrası Azərsu ASC-yə ayrılacaq maliyyə vəsaitinə uyğun mərhələrlə həyata keçiriləcəkdir. Qəbul edərsiniz ki, bir qədər mücərrəd olan bu qeydin konkretləşdirilməsinə və təxminən 20 ilə yaxındır gözləyən tikinti işlərinin nəhayət ki, başladılmasına böyük ehtiyac var.
Və sonda bir sualım var. Bakı şəhərində yeni tikilmiş evlərə su həmin evlərin həyətində MTK-lar tərəfindən tikilmiş çən vasitəsilə verilir. Həmin çənlər neçə müddətdən bir təmizlənir, buna nəzarət varmı, hər hansı cəza, cərimə mexanizmi nəzərdə tutulubmu? Təəssüf ki, bu evlərdə krantdan su ilə birlikdə daş, qum və mənşəyi məlum olmayan parçalar axır."
Keçidlər