Millət vəkili Jalə Əliyeva şəhid ailələri və qazilərlə görüş keçirib
Zərdab rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib. Millət vəkili Jalə Əliyeva Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Veyisova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Famil Abbasovla birlikdə Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb onların üzləşdiyi problemlərlə maraqlanıb. Deputat Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərimizdən danışıb və torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan oğullarının şücaətini yüksək qiymətləndirib. Şəhid ailələrinə, qazilərə dövlət qayğısından danışan Jalə Əliyeva onlar tərəfindən qaldırılan istənilən problemə dövlət qurumları, vətəndaşlar və cəmiyyətimiz tərəfindən xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Valideynlər övladlarının Vətən uğrunda şəhid olduqları üçün qürur duyduqlarını bildiriblər və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Jalə Əliyeva görüşdə şəhid ailələrinin qarşılaşa biləcəkləri istənilən problemlərin həllində onlara kömək etməyə hazır olduğunu bildirib. Şəhid ailələri görüşdə öz problemlərini qeyd etməklə, həll edilmiş məsələlərlə bağlı ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.