Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Məclisinin deputatı Jalə Əliyeva Zərdab rayonunda növbəti vətəndaş qəbulunu keçirib

16 iyul 2026 | 17:34
Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda rayon sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Qəbul zamanı vətəndaşlar əsasən sosial müdafiə, məşğulluq, məişət, səhiyyə, təhsil, kommunal xidmətlər və digər sahələr üzrə qarşılaşdıqları problemləri deputatın diqqətinə çatdırıblar. Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyə uyğun şəkildə araşdırılması və həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib. Vətəndaş qəbulunda Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Xəyalə Veysova da iştirak edib.
Qəbul zamanı bir sıra müraciətlərlə bağlı müvafiq izahatlar verilib, həlli yerli səviyyədə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Deputat bildirib ki, vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi onların problem və təkliflərinin birbaşa öyrənilməsi, eləcə də həlli istiqamətində operativ tədbirlərin görülməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, seçicilərlə daim sıx təmasda olduğunu və onların müraciətlərinə həssaslıqla yanaşıldığını vurğulayıb.
Qəbul səmimi və konstruktiv şəraitdə keçib, vətəndaşlar müraciətlərinin diqqətlə dinlənilməsinə və göstərilən həssas münasibətə görə minnətdarlıqlarını ifadə ediblər. 
Daha sonra Zərdab rayonunun Şahhüseynli kəndində, rayon ağsaqqallarından, hazırda xəstə olan Yunis Yusifovu evində ziyarət edib. Jalə Əliyeva Zərdab rayonuna səfəri çərçivəsində şəhid Məmmədzadə Anar Nazim oğlunun, şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun ailəsini ziyarət edib. Sonra millət vəkili, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovla birlikdə Zərdab şəhəri, Azərbaycan küçəsində yerləşən idman zonasının açılışında iştirak edib.
Keçidlər