“Milli mənəvi dəyərlərimizi qorumalıyıq” mövzusunda tədbir keçirilib
Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və rayon ağsaqqallarının, ziyalıların, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə “Milli mənəvi dəyərlərimizi qorumalıyıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər milli-mənəvi dəyərlərimizin xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mənəvi bütövlüyünün əsasını təşkil etdiyini bildiriblər. Qeyd olunub ki, əsrlər boyu formalaşmış zəngin adət-ənənələrimizin, ailə dəyərlərimizin, böyüyə hörmət, kiçiyə qayğı, mərhəmət, xeyirxahlıq, vətənpərvərlik və həmrəylik kimi yüksək mənəvi keyfiyyətlərin qorunaraq gələcək nəsillərə ötürülməsi hər birimizin mühüm vəzifəsidir. Çıxışlarda müasir dövrdə qloballaşma və informasiya texnologiyalarının inkişafının cəmiyyətin həyatına, xüsusilə də gənclərin dünyagörüşünə təsirindən söz açılıb. Bildirilib ki, milli dəyərlərimizin qorunması ilə yanaşı, gənc nəslin yad və zərərli təsirlərdən mühafizə olunması, onların milli-mənəvi irsimizə bağlı, vətənpərvər və sağlam düşüncəli şəxsiyyət kimi formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Tədbirdə rayon ağsaqqallarının və ziyalıların cəmiyyətin mənəvi həyatındakı rolu xüsusi vurğulanıb. Qeyd edilib ki, ağsaqqallarımızın həyat təcrübəsi, ziyalılarımızın bilik və dünyagörüşü, müəssisə və təşkilat rəhbərlərinin ictimai məsuliyyəti milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin ailə institutunun möhkəmləndirilməsi, milli adət-ənənələrin yaşadılması, gənclərin düzgün istiqamətləndirilməsi, sosial şəbəkələrdən sağlam və məqsədyönlü istifadə, milli-mənəvi dəyərlərimizə zidd olan təsirlərə qarşı maarifləndirmə işlərinin gücləndirilməsi ilə bağlı fikirlər səsləndirilib. Çıxış edənlər vurğulayıblar ki, milli-mənəvi dəyərlərin qorunması yalnız bir qurumun və ya ayrı-ayrı şəxslərin deyil, bütün cəmiyyətin üzərinə düşən məsuliyyətdir. Bu dəyərlərin gələcək nəsillərə ötürülməsi üçün ailə, təhsil müəssisələri, ictimaiyyət, müəssisə və təşkilatlar arasında əməkdaşlığın daha da gücləndirilməsi vacibdir.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və qarşıda duran vəzifələr müzakirə olunub.






