Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib
18 mart 2024-cü il tarixdə Zərdab şəhərindəki Həsən Bəy Zərdabi parkında Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə rayon sakinlərini bayram münasibətilə təbrik edib. Bildirib ki, Novruz bayramının gəlişini xalqımız artıq 4 ildir ki, daha böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qarşılayır. Xoşbəxt xalqıq ki, Novruzun gəlişini ərazi bütövlüyü təmin olunmuş bir ölkənin sakinləri kimi qeyd edirik. Bu bayram günlərində ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini ehtiramla yad edirik. Qeyd olunub ki, milli bayramımız olan Novruz Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə böyük təntənə ilə qeyd edilməklə xalqımızın həyatına birdəfəlik daxil olmuş, təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi düşmüşdür. Respublika Prezidenti cənab İlham Əliyevin Novruzun gəlişi ilə bağlı hər il Azərbaycan xalqına ünvanladığı təbriklər, bayram şənliklərində şəxsən iştirak etməsi onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam və aşıq sənəti ilə yanaşı Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi martın 21-ni “Beynəlxalq Novruz günü” elan edib. Respublikamızın hər yerində olduğu kimi builki Novruz bayramı rayonumuzda da böyük sevinclə, yüksək təntənə ilə qeyd olunur. Bu gün respublikamızın bütün bölgələri kimi Zərdab rayonu da möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində özünün əsl tərəqqi mərhələsini yaşayır. Rayonun sosial-iqtisadi inkişafı, tikinti-abadlıq işlərinin genişləndirilməsi, insanların sosial problemlərinin həlli istiqamətində konkret tədbirlər görülüb. Görülən bütün işlərə görə xalqımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdardırlar.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmiş şəxslərə medallar təqdim olunub.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının və rayonun mədəniyyət kollektivlərinin konsert proqramı, pəhləvanın çıxışları ilə davam edib, bayram tonqalı yandırılıb.