“Qanımızla yaşadaq” devizi altında qanvermə aksiyası keçirilib
Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə “Qanımızla yaşadaq” devizi altında 14 yanvar 2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti dəfə qanvermə aksiyası keçirilib. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün Rayon Mərkəzi Xəstəxanasında hər cür şərait yaradılıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankının və Azərbaycanda Qan Donorluğunun İnkişafı Mərkəzinin həkim briqadası rayona ezam olunub. Əvvəlcə donorların ümumi sağlıq durumu yoxlanılıb. Səhhəti imkan verən sakinlərdən qan nümunələri götürülüb. Humanitar aksiyada 300 nəfərdən çox rayon sakini könüllü iştirak edib. Qanvermə aksiyasında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilər və polis əməkdaşları daha fəal iştirak ediblər. Qanvermə aksiyasında iştirak edən rayon sakinləri bu cür xeyirxah addımların əhəmiyyətini yüksək qiymətləndirməklə ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya öz təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, donorlardan alınan qan nümunələri qablaşdırılaraq Mərkəzi Qan Bankına göndərilib.