Qeyri-formal məşğulluq öz mahiyyətinə görə həm iqtisadiyyat, həm də qeyri-formal məşğulluğa cəlb olunmuş şəxslər üçün olduqca ciddi təhlükə yaradır
Hər bir ölkədə məşğulluğun təmin olunması sosial-iqtisadi siyasətin əsas tərkib hissələrindən biri olmaqla, əhalinin sosial təminatının yaxşılaşdırılmasında ən mühüm vasitədir.
Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi də əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bunun nəticəsi olaraq Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi xarakter almışdır. Ölkənin demoqrafik inkişaf perspektivlərinə, iqtisadi prioritetlərinə əsaslanan "2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.
"Məşğulluq haqqında" Qanuna görə qeyri-formal məşğulluq-Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.
Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, tikinti və xidmət sektorunda göstərir. Dünya Bankının hesablamalarına görə dünyada pərakəndə satış, tikinti və bu kimi bəzi sahələrdə məşğul olanların 80 faiizini qeyri-leqal fəaliyyət göstərənlər təşkil edir.
Qanunvericiliyə görə, əmək müqaviləsi, xidməti müqavilə ilə çalışanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, torpaq mülkiyyətçiləri daxil olmaqla qanuni əmək və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs (ev təsərrüfatı subyektləri) məcburi dövlət sosial sığorta ödənişi etməlidir.
Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından (işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, gələcəkdə pensiya almaq və s.) mərhum edir. Həmçinin, qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. Ona görə də hər bir işəgötürən və işçi arasında əmək münasibətləri rəsmiləşdirilməlidir.
Qeyri-formal məşğulluq öz mahiyyətinə görə həm iqtisadiyyat, həm də qeyri-formal məşğulluğa cəlb olunmuş şəxslər üçün olduqca ciddi təhlükə yaradır. Belə ki, qeyri-formal məşğulluq dövlətlər üçün kölgə iqtisadiyyatının yaranmasına, dövlət büdcəsinə vergi və digər məcburi ödəmələr üzrə yığımların azalmasına, habelə iqtisadiyyatın sabit və rəqabətli şəkildə inkişafına maneə törədir. Qeyri-formal məşğulluğa cəlb olunmuş şəxslər isə əmək və sosial hüquqlarından məhrum olurlar, nəticədə insanlar sosial risklərə məruz qaldıqda dövlətin pensiya, sosial sığorta və sosial sahədə digər müdafiə mexanizlərimdən kənar qalırlar. Qeyd etmək lazımdır ki, qeyri-formal məşğulluğa qarşı ölkəmizdə ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli və ardıcıl işlər görülür. Belə ki, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır.
Bundan başqa, yerlərdə məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanması məqsədi ilə məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri yaradılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 293 nömrəli Qərarı ilə Əsasnaməsi təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2017-ci il tarixli 3287 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir. Təsdiq edilmiş Tədbirlər Planı ümumilikdə “Normativ hüquqi aktların təkmilləşdirilməsi”, “İnzibatçılığın təkmilləşdirilməsi”, “Qeyri-formal məşğulluğun qarşısının alınmasında nəzarət tədbirlərinin gücləndirilməsi”, “Monitorinq və qiymətləndirmə sisteminin qurulması”, “Qeyri-formal məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkili” olmaqla özündə 5 bölmə və 36 bəndi ehtiva edir.
Ölkəmizdə qeyri-formal məğulluqla mübarizə ilə bağlı vergi, inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulmuşdur. Qeyd edək ki, Vergi Məcəlləsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halına görə maliyyə sanksiyasının məbləği birinci dəfə 2000 manat, ikinci dəfə 4000 manat, üç və daha çox olduqda 6000 manata kimi qaldırılmışdır. İnzibati Xətalar Məcəlləsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulub. Eyni zamanda, Cinayət Məcəlləsində 10 və daha artıq işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Pərvin Mahmudova
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri