Rayon ərazisində zəbt olunmuş torpaq sahəsinin ətrafında çəkilmiş hasar sökülüb
Zərdab rayonunun Məlikli kəndində qeydiyyatda olan, uzun illərdir Rusiya Federasiyasında yaşayan Qasımov Nadir İsa oğlu 2009-cu ildə zəbt etdiyi torpaq sahəsində ev (yarımtikili) tikərək, həmkəndlisi Bəkirov Roman Əliş oğluna aralarındakı şifahi razılıq əsasında satmışdır. Torpaq sahəsini heç bir hüquqmüəyyənedici sənədləri olmadan hasara almış, ərazidə yerləşən və Məlikli kənd sakinlərini elektrik enerjisi ilə təmin edən transformator da hasara alınmış ərazidə qalmışdır. Bu da əhalinin elektrik enerjisi ilə təminatında yaranan problemlərin operativ aradan qaldırılmasında çətinliklər yaradırdı. Vətəndaşlar məsələ ilə bağlı rayon icra hakimiyyətinə və aidiyyəti qurumlara çoxsaylı müraciətlər etmiş, kənddə keçirilən səyyar qəbullarda bununla əlaqədar öz haqlı narazılıqlarını bildirmişlər. Rayon icra hakimiyyəti tərəfindən vətəndaşa torpaq sahəsinin boşaldılması və hasarın sökülməsi ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələr gətirərək bu işlərdən yayınmışdır. 12 dekabr 2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, Elektrik şəbəkəsinin, aidiyyəti qurumların və vətəndaşın özünün iştirakı ilə qanunsuz çəkilmiş hasar sökülmüş, transformatora gedən yol açılmış və torpaq sahəsi boşaldılmışdır. Məlikli bələdiyyəsi tərəfindən zəbt olunmuş torpaq sahəsindən qanunsuz istifadənin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanlarına müraciət ediləcəkdir.
Rayon ərazisində zəbt olunmuş torpaq sahələri və qanunsuz tikililərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi davam etdirilir.