Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda barama tədarükü davam edir

05 iyun 2024 | 11:48

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin və “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüş və bunun nəticəsidir ki, son illər rayon barama tədarükü sahəsində liderliyini qoruyub saxlayır. Belə ki, rayon üzrə 2016-cı ildə 5 ton 710 kq, 2017-ci ildə 27 ton 55 kq, 2018-ci ildə 53 ton 880 kq, 2019-cu ildə 71 ton 539 kq, 2020-ci ildə 61 ton 635 kq, 2021-ci ildə 67 ton 950 kq, 2022-ci ildə 58 tondan çox, 2023-cü ildə isə 52 tondan çox olmaqla barama tədarük edilərək respublikada illər üzrə ən yüksək göstəriciyə nail olunmuşdur. Ayrı-ayrı illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Zərdab rayonundan olan kümçülər “Əmək” ordeni ilə təltif edilmişlər.

Görülən tədbirlər cari ildə də davam etdirilir. Rayonda ipəkqurdlarını bəsləmək üçün kifayət qədər yem bazası da vardır. 2024-cü ilin məhsulu üçün 820 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanmış, bu sahədə 1200 nəfərdən çox rayon sakini mövsümi işlə təmin olunmuşdur.

Mövsüm boyunca Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə Aparatın digər vəzifəli şəxslərinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərlərinin iştirakı ilə mütəmadi olaraq rayon ərazisində barama qurdunun saxlanılması üçün yaradılan şəraitlə tanış olmuş, barama qurdlarına baxış keçirilmiş və onların yemlə təminatının vəziyyəti ilə maraqlanılmış, kümçülərə barama qurdlarının itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilmişdir.

Artıq rayon ərazisində barama tədarükünə başlanılmışdır. Bu günədək təhvil məntəqəsinə 10 tondan çox barama təhvil verilmişdir. İşlərin gedişi göstərir ki, zərdablılar bu il də Respublika üzrə öz birinciliklərini qoruyub saxlayacaqlar.

Keçidlər