Şahhüseynli kənd tam orta məktəbində “Erkən nikahın fəsadları” və “Ailə dəyərlərimizi qorumalıyıq” mövzularında tədbir keçirilib
04 fevral 2025-ci il tarixində Rayon İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Şahhüseynli kənd tam orta məktəbində müəllim, şagird və valideynlərlə görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikasının “Ailə Məcəlləsi”, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”, haqqında məlumatlar verilib, qurulan ailələrin dağılması faktının çoxalması problemlərindən söhbət açılıb. Çıxış edən Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın əməkdaşı erkən evliliyin insan üçün psixoloji və bioloji zərərləri və riskləri haqqında məlumat verib. Sonda “Erkən nikahın və qohum evliliyinin ana və uşaq sağlamlığına mənfi təsirləri” və “Gənc ailələrə tövsiyələr” adlı bukletlər paylanılıb.