Səyyar qəbullarda qaldırılan məsələlər öz həllini tapır
Cənab Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq Zərdab rayonunda vətəndaşlarla səyyar görüşlərin keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi rayon icra hakimiyyətinin daim nəzarətində saxlanılır.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür, digər dövlət qurumlarına aid olan məsələlərin həlli ilə bağlı aidiyyəti nazirlik və komitələrə məktublar göndərilir.
Daha bir səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələ öz müsbət həllini tapıb. Belə ki, 24 aprel 2025-ci il tarixdə Yuxarı Seyidlər kənd İƏD üzrə nümayəndəlikdə keçirilən səyyar qəbul zamanı vətəndaşlar nümayəndəliyin ərazisindəki Siləyli kəndində fərdi yaşayış evlərini elektrik enerjisi ilə qidalandıran xətdə gərginliyin aşağı olmasını nəzərə alaraq güc mərkəzinin yaradılmasına köməklik göstərilməsini xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti dövlət qurumlarının rəhbərlərinə müraciət olunub və qısa müddət ərzində Zərdab Elektrik Şəbəkəsi tərəfindən yeni güc mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb. Mövcud çatışmazlığın aradan qaldırılması məqsədilə yeni güc mərkəzinin yaradılması üçün yer təyin edilib, transformatorun altlığı hörülərək 100 kVA gücündə transformator quraşdırılıb. Transformatoru qidalandırmaq üçün 10 kV-luq 8 ədəd dayaq quraşdırılıb, 950 metr uzunluğunda naqil çəkilib və transformatorun ətrafı çəpərlənib. Transformatordan çıxan 0,4 kV-luq hava xəttində 14 ədəd yeni dayaq basdırılıb və 1200 metr uzunluğunda naqil çəkilərək 21 fərdi yaşayış evi, 1 seçki məntəqəsi, məktəb binası və 1 mağaza yeni hava xəttinin üzərinə köçürülüb. Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə yeni transformator kənd sakinlərinin istifadəsinə verilib. Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Hazırda kənd ərazisində mövcud abonentlər normal elektrik enerjisi ilə təmin olunurlar.