“Suverenleyin qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Noyabrın 13-də Zərdab şəhər “Cümə” məscidində Zərdab Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsinin birgə təşkilatçılığı ilə ideoloji maarifləndirmə konsepsiyasına uyğun olaraq “Suverenleyin qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə İcra Hakimiyyətinin, DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşları, din xadimləri, dini icma sədrləri, gənclər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Murad Həsənov çıxış edərək xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin təkcə hərbi qələbə deyil, həm də milli birliyimizin, dini həmrəyliyimizin və dövlət-xalq birliyinin parlaq təcəssümü olduğunu bildirib. Qeyd edib ki, bu Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının sarsılmaz iradəsi və ordumuzun qəhrəmanlığı nəticəsində mümkün olub. Suverenlik — hər bir xalqın və dövlətin azad yaşamaq, öz taleyini müstəqil şəkildə müəyyən etmək haqqıdır. Lakin unutmamalıyıq ki, suverenlik yalnız sərhədlərlə, ərazi bütövlüyü ilə, yaxud siyasi müstəqilliklə ölçülmür. Əsl suverenlik xalqın mənəviyyatında, milli kimliyində və birliyindədir.
Çıxışlarda dövlət-din münasibətlərinin inkişafı, dini dəyərlərimizin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən, eləcə də bu sahədə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs olunub.






