“Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə talassemiya xəstəliyindən əziyyət çəkən insanlara yardım məqsədilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Talasemiyasız həyat naminə” devizi altında 20 noyabr 2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti dəfə qanvermə aksiyası keçirilib. Aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin binasında lazımi şərait yaradılıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” PHŞ-nin Mingəçevir bölməsinin həkim briqadası rayona ezam olunub. Əvvəlcə donorların ümumi sağlıq durumu yoxlanılıb. Səhhəti imkan verən sakinlərdən qan nümunələri götürülüb. Humanitar aksiyada 300 nəfərdən çox rayon sakini könüllü iştirak edib. Qanvermə aksiyasında rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilər və polis əməkdaşları daha fəal iştirak ediblər. Qanvermə aksiyasında iştirak edən rayon sakinləri bu cür xeyirxah addımların əhəmiyyətini yüksək qiymətləndirməklə ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya öz təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.






