Ümumdünya Statistika Günü
BMT-nin Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən 2010-cu il oktyabr ayının 20-si Ümumdünya statistika günü elan edilmişdir.
1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunmuşdur. Azərbaycanda statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir. Bu, hər şeydən əvvəl, ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistik məlumatların vaxtında yığılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılmasından ibarət olmuşdur.
Azərbaycanda statistikanın təşkili 1928-ci ildə Mərkəzi Statistika İdarəsinin yaradılması ilə başlanmışdır. Bu tarixdən etibarən ölkədə rəsmi statistik məlumatların toplanması, işlənməsi və təhlili sistemli şəkildə aparılmağa başlamışdır.
2025-ci ilin 4-7 mart tarixlərində Nyu York şəhərində BMT-nin Statistika Komissiyasının 56-cı sessiyası və məlumatların idarə olunmasına həsr olunmuş Rəsmi Statistika üzrə Yüksək Səviyyəli Forum keçirilmişdir. Sessiyanın müzakirəsinə 22 sənəd çıxarılıb, 10 məlumat xarakterli məsələyə baxılıb. 4 gün davam edən sessiyada əhali və mənzil fondunun siyahıyaalınması, Statistika Komissiyasının iş metodları, rəsmi statistikanın əsas prinsipləri, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üzrə məlumatlar və göstəricilər, statistikanın müxtəlif sahələri, ekoloji-iqtisadi hesablar, beynəlxalq statistik təsnifatlar, ev təsərrüfatlarının seçmə müayinələri, məlumat elmi, keyfiyyətin təmin olunması üzrə milli baza prinsipləri, regional statistik inkişaf, Ümumdünya statistika günü ilə bağlı məsələlər müzakirə olunaraq qərarlar qəbul edilib. Məruzə əsasında qəbul edilmiş qətnaməyə əsasən, Ümumdünya statistika günü 2025-ci ildə “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək” şüarı altında beynəlxalq, milli və regional səviyyələrdə qeyd olunması qərara alınmışdır. Bu qərarın məqsədi, bütün ölkələrdə etibarlı və keyfiyyətli statistikanın dövlət idarəçiliyində, iqtisadi inkişafda və sosial rifahın yüksəldilməsində mühüm rol oynadığını vurğulamaqdır. Sözügedən şüar həmçinin bütün cəmiyyətlər üçün açıq, şəffaf və yüksək keyfiyyətli statistik məlumatların təmin edilməsini təşviq edir.
Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrilmişdir. Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır. Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zərurətə çevirir. Ölkəmizdə rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatların həyata keçirilməsi xüsusi önəm daşıyır. Ümumdünya statistika gününün qeyd olunmasında əsas məqsəd-müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçilərinə və vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir. Bu günün qeyd olunması, cəmiyyətin sosial və iqtisadi inkişafında etibarlı, şəffaf və keyfiyyətli statistik məlumatların əhəmiyyətini vurğulayır.
Statistika dövlət idarəçiliyində, qərar qəbuletmə proseslərində, elmi tədqiqatlarda və beynəlxalq müqayisələrdə obyektiv məlumat mənbəyi kimi çıxış edir.
Azərbaycanda Ümumdünya Statistika Günü münasibətilə Dövlət Statistika Komitəsi tərəfindən hər il tədbirlər planı hazırlanır və müxtəlif səviyyələrdə tədbirlər keçirilir. Əsas tədbirlər arasında: Cənab Prezidentin Ilham Əliyevin müraciəti – statistikanın sosial-iqtisadi inkişaf və dövlət idarəçiliyindəki əhəmiyyəti vurğulanır. Beynəlxalq Statistika Forumu-yerli və xarici ekspertlərin iştirakı ilə statistik məlumatların keyfiyyəti və təcrübə mübadiləsi müzakirə olunur. Respublika Statistika Olimpiadası – gənclərdə analitik düşüncə və statistik bacarıqların inkişaf etdirilməsi məqsədi ilə təşkil olunur. Elmi-praktik konfranslar və seminarlar – rəsmi statistikanın müasir problemləri və rəqəmsal transformasiya mövzuları müzakirə edilir. Media və maarifləndirici təşəbbüslər–televiziya, mətbuat və sosial şəbəkələr vasitəsilə statistikanın rolu geniş ictimaiyyətə çatdırılır.
1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə "Statistika haqqında" Azərbaycan Respublikasının Qanunu imzalanmışdır. Bu sənədin məqsədi - statistik məlumatların etibarlılığını, obyektivliyini və şəffaflığını təmin etmək, dövlət orqanlarının, müəssisə və təşkilatların statistik məlumat mübadiləsini vahid sistemə salmaq, beynəlxalq standartlara uyğun dövlət statistika sisteminin formalaşdırılması idi. Bu qanunla, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin statusu və vəzifələri daha da möhkəmləndirildi, statistika orqanlarının fəaliyyəti üçün hüquqi baza yaradıldı. Ümummilli lider Heydər Əliyev ölkənin sosial-iqtisadi siyasətində dəqiq və obyektiv statistik məlumatların mühüm rol oynadığını daim vurğulayırdı. Heydər Əliyevin rəhbərliyi dövründə statistika orqanlarının maddi-texniki bazası yenilənməyə başladı, müasir informasiya texnologiyalarının tətbiqi üçün şərait yaradıldı. Kadr hazırlığına və peşəkarlığa xüsusi diqqət yetirildi, statistika sahəsində çalışan mütəxəssislərin ixtisasının artırılması üçün tədbirlər görüldü, BMT, MDB və Avropa Statistika Komitələri ilə əlaqələr quruldu, dövlət idarəçiliyində statistik təhlilin rolu artırıldı, qəbul edilən qərarlar elmi-statistik təhlillər əsasında formalaşdı.
Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Statistika haqqında” Qanun və onun statistika sahəsinə göstərdiyi davamlı diqqət, bu sahənin ölkəmizdə elmi əsaslarla inkişafına, beynəlxalq standartlara uyğunlaşdırılmasına və dövlət idarəçiliyində etibarlı informasiya mənbəyi kimi formalaşmasına zəmin yaratdı.
Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan statistika sistemi rəqəmsallaşma, açıq məlumatlar və beynəlxalq inteqrasiya istiqamətində davamlı inkişaf edir. Azərbaycanda bu sahənin inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə qədəm qoymuşdur. Cənab Prezident İlham Əliyev ölkədə müasir statistika sisteminin formalaşmasına xüsusi diqqət yetirmiş, bu sahədə şəffaflığın, obyektivliyin və operativliyin təmin olunması üçün mühüm qərarlar qəbul etmişdir. Onun rəhbərliyi ilə Dövlət Statistika Komitəsinin maddi-texniki bazası gücləndirilmiş, informasiya texnologiyalarına əsaslanan statistik məlumat toplama və təhlil sistemi yaradılmışdır. İlham Əliyevin sərəncamları ilə statistik müşahidələrdə beynəlxalq təcrübənin tətbiqi, dayanıqlı inkişaf göstəricilərinin (SDG-lərin) monitorinqi, həmçinin rəqəmsal statistika platformalarının inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, “Rəqəmsal Statistika” konsepsiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan statistika sistemi BMT, Dünya Bankı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların, sosial layihələrin və regional inkişaf proqramlarının səmərəliliyinin təmin olunmasında dəqiq və etibarlı statistik məlumatların rolu böyükdür. Məhz bu səbəbdən, dövlət başçısı hər zaman statistik xidmətin fəaliyyətinə xüsusi diqqət göstərmiş, onun müasir tələblərə uyğun yenilənməsini daim dəstəkləmişdir.
Respublikada 6 Dövlət Proqramı qəbul edilmişdir.
Son 7 il ərzində Dövlət Statistika Komitəsi tərəfindən əhalinin və kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir.
Gələcəkdə Azərbaycanda statistikanın qarşısında duran əsas vəzifələrdən biri ölkədə statistik məlumatların toplanması, emalı və təqdim olunmasını tam rəqəmsal platformalara keçirmək, elektron statistika sistemlərini genişləndirmək və insan amilindən asılılığı azaltmaqdır. Eyni zamanda, sosial şəbəkələr, elektron ticarət və dövlət xidmətləri kimi müasir mənbələrdən toplanan böyük məlumatların statistik təhlildə istifadəsini təmin etmək və məlumatların dəqiqliyi, etibarlılığı və şəffaflığını beynəlxalq standartlara uyğunlaşdırmaq vacibdir. Bu məqsədlə regionlar üzrə statistik məlumatların dəqiqliyini artırmaq, yerli statistika orqanlarının texniki imkanlarını və kadr potensialını gücləndirmək, müasir texnologiyalarla işləyə bilən mütəxəssisləri hazırlamaq və beynəlxalq təcrübədən istifadə etmək zəruridir. Nəticədə, bu vəzifələrin həyata keçirilməsi Azərbaycanda qərarvermə prosesini daha elmi əsaslara söykəyəcək, sosial-iqtisadi inkişafın monitorinqini asanlaşdıracaq və ölkənin statistik sisteminin beynəlxalq səviyyədə etibarlılığını təmin edəcək.
Hər zaman azərbaycanlı olması ilə fəxr edən, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çıxışlarının birində qeyd etmişdir – “Bizim Dövlət Statistika Komitəsi var, çox düzgün statistika aparır”. Bu fikrin özü statistikaya verilmiş ən yüksək qiymət deməkdir.
Zərdab Rayon Statistika İdarəsi






