Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Zərdab rayonunda "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tanınmış ziyalıların iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Əlyazmalar İnstitutunun Tarix üzrə fəlsəfə doktoru, Zərdabişünas alim Esmira Cavadova, Aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənov, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbirdə Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. Məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı. Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir.
Millət vəkili Jalə Əliyeva çıxışında qeyd edib ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazdırırlar. Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır.
Çıxış edən digər qonaqlar Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.