Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə rayon turnirinə yekun vurulub
21 may 2026 | 20:07
Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Zərdab rayonu üzrə gənclər və idman sektorunun və Gənclər Evi SXM-in birgə təşkilatçılığı ilə keçirilən və 27 aprel 2026-cı il tarixindən start götürən turnirdə 11 komanda üzrə 150-yə yaxın idmançı mübarizə aparıb. Final qarşılaşmasında “Madinah” və “Hüseyxanlı-Xanməmmədli” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı keçən oyunda “Madinah” komandası 5:3 hesabı ilə qalib gələrək turnirin çempionu olub.
Turnirin bağlanış mərasimində çıxış edənlər ölkəmizdə, eləcə də rayonumuzda idmanın inkişafına göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayaraq, gənclər və idman sahəsində yaradılan geniş imkanlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda 1-ci və 2-ci yeri tutmuş komandalara kubok, medal və diplomlar təqdim olunub.






