“Uşaqların həyatının qorunması və intihar hallarının qarşısının alınması” mövzusunda maarifləndirici görüş keçirilib
Zərdab Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşları tərəfindən 13 noyabr 2026-cı il tarixində Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbində “Uşaqların həyatının qorunması və intihar hallarının qarşısının alınması” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbir zamanı iştirakçılara uşaqların emosional vəziyyətinə diqqət yetirilməsinin, onların problemlərinin vaxtında dinlənilməsinin və ehtiyac yarandıqda mütəxəssis dəstəyinə müraciət edilməsinin vacibliyi barədə məlumat verilib. Həmçinin valideyn, müəllim və digər böyüklərin uşaqlarda müşahidə olunan davranış dəyişikliklərinə həssas yanaşmasının əhəmiyyəti vurğulanıb. Həmçinin tədbirdə uşaqların hüquqlarının və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, eləcə də bu sahədə mövcud qanunvericilik barədə məlumat verilib. Uşaqların müdafiəsi, onların psixoloji sağlamlığının dəstəklənməsi və riskli halların qarşısının alınması ilə bağlı aidiyyəti dövlət qurumlarının həyata keçirdiyi tədbirlərin əhəmiyyəti haqqında söhbət aparılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirici tövsiyələr verilib.






