Vətən müharibəsinin şəhidi Faiq Vəlizadənin vəfatının 5-ci ildönümü qeyd olunub
Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Alıcanlı kənd sakini Vəlizadə Faiq Bayraməli oğlunun şəhidlik zirvəsinə ucalmasından 5 il ötür. Bu münasibətlə anım mərasimi təşkil olunub. Anım mərasimində Rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Veyisova, rayon icra hakimiyyətinin, YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Faiq Vəlizadənin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.






