Vətən müharibəsinin şəhidi İbrahim Cəbrayıllının vəfatının 4-cü ildönümüdür
Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Məlikumudlu kənd sakini Cəbrayıllı İbrahim Raqub oğlunun vəfatının 4-cü ildönümü qeyd olunub. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədr müavini, İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri iştirak ediblər. İbrahim Cəbrayıllının və kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət edilib, dualar oxunub.
Çıxış edənlər ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə əks hücum əməliyyatına başlayan silahlı qüvvələrimizin 44 günlük vətən müharibəsində şanlı qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini və qəhrəmanlarımızın qanının yerdə qalmadığını bildirib. Qeyd olunub ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə ediliblər.
Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.