Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab Rayon Fövqəladə Hallar Komissiyasının məlumatı

22 aprel 2026 | 15:59

Məlum olduğu kimi mart ayından başlayaraq tez-tez yağan güclü yağışlar və Kür çayına tökülən digər çaylara sel gəlməsi nəticəsində Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsinin artması müşahidə olunur. Bildiririk ki, hazırda vəziyyət tam nəzarət altındadır. Subasar ərazilərdə əsasən əkin sahələri yerləşir. Bundan əlavə, 1960-1970-ci illərdə mühafizə bəndi ilə çay arasında tikilmiş bir neçə fərdi yaşayış evinin həyətinə və zirzəmilərinə su dolub ki, həmin evlər hər il suyun səviyyəsinin artdığı dövrlərdə oxşar vəziyyətlə üzləşir. Buna baxmayaraq, bu günədək əsas mühafizə bəndinə hər hansı ziyan dəyməyib.

Ötən həftənin cümə axşamı günündən etibarən mövcud vəziyyətlə bağlı Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərə və bələdiyyələrə müvafiq tapşırıqlar verilib. Hazırda ərazilərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında növbətçilik qrafiki tətbiq olunub və 24 saat nəzarət təşkil edilib. Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi və Zərdab Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları texnika və canlı qüvvə ilə əraziyə cəlb olunub. Müvafiq qurumların əməkdaşları tərəfindən mütəmadi olaraq sahələrə baxış keçirilir və vəziyyət operativ nəzarətdə saxlanılır. Mümkün risklərin qarşısının alınması məqsədilə zəruri hallarda operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Hazırda yaşayış məntəqələri üçün ciddi təhlükə qeydə alınmayıb və vəziyyət nəzarət altındadır.

Təəssüf hissi ilə qeyd edirik ki, bəzi vətəndaşlar öz sosial şəbəkə hesablarında şişirdilmiş, əhali arasında narahatlığa səbəb ola biləcək, əsassız və doğru olmayan məlumatlar paylaşırlar ki, bu cür hallara Kür çayının keçdiyi digər rayonların sakinləri tərəfindən yol verilmir. Bir daha rayon sakinlərinə müraciət edərək onları belə həssas mövzularda diqqətli olmağa, həqiqətə uyğun olmayan, əhali arasında panikaya səbəb olacaq şişirdilmiş məlumatları yaymamağa çağırırıq.

Keçidlər