Zərdab rayon Heydər Əliyev Mərkəzində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfrans keçirilib
26 may 2026 | 11:27
22 may 2026-cı il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və memarlıqda milli üslubun qorunmasına Heydər Əliyev yanaşması” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Əməkdar İncəsənət xadimi Məhəbbət Mehdiyeva, Politoloq, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli, Yevlax rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, H.B.Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, mədəniyyət müəssilərinin əməkdaşları və rayon ziyalıları iştirak edib.
Konfransı giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxışında qeyd edib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi haqqında cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam müasir dövrdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisidir. Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan memarlığının dirçəlişi, milli üslubun müasir texnologiyalarla sintezi və Bakının modern şəhərsalma simasının formalaşmasında müstəsna rol oynamışdır. 1969-cu ildən başlayaraq tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və monumental tikililərin inşası ilə ölkədə memarlığın yeni intibah dövrünü yaratmış, bu qayğı ənənəsi hazırda uğurla davam etdirilir.
Könül xanım çıxışına davam edərək Ulu Öndərin Azərbaycanın maariflənməsi, siyasi və iqtisadi inkişafı, eləcə də ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərində göstərdiyi misilsiz xidmətlərini xüsusi olaraq vurğulayıb. Qeyd edib ki, müdrik rəhbər memarlığın xalqın tarixi, mədəniyyəti və milli dəyərlərini əks etdirən mühüm sənət sahəsi olduğunu daim ön planda saxlayırdı.
Konfransda çıxış edən Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Əməkdar İncəsənət xadimi Məhəbbət Mehdiyeva qeyd edib ki, müasir dünyada şəhərsalma siyasəti ölkələrin inkişaf strategiyasının önəmli komponentlərindən birini təşkil edir. Onun sözlərinə görə, qlobal urbanizasiya prosesi, sürətli texnoloji tərəqqi və günümüzün ekoloji çağırışları bu sahədə yeni yanaşmaların meydana çıxmasını şərtləndirir. Çıxışında Azərbaycanın şəhərsalma və memarlıq sahəsində zəngin tarixi ənənələrə malik olduğunu bildirən Politoloq, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli vurğulayıb ki, müasir dövrdə bu ənənələr innovativ yanaşmalarla birləşdirilərək davam etdirilir. O, ölkəmizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq edildiyini, bina informasiya modelləşdirilməsi (BIM), 3D layihələndirmə və süni intellekt əsaslı texnologiyaların şəhərsalma sahəsində geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Yevlax Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova konfransda çıxış edərək vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsində şəhərsalma və memarlıq məsələləri də xüsusi yer tutub. Onun rəhbərliyi dövründə Azərbaycanın şəhər infrastrukturunun inkişafı, memarlıq irsinin qorunması və müasir urbanizasiya prinsiplərinin tətbiqi istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması da bu strateji xəttin davamı kimi xüsusi əhəmiyyət kəsb edir.
Daha sonra H.B.Zərdabi muzeyinin direktoru Vəfa Bayramova çıxış edərək qeyd edib ki, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətinə toxunaraq, memarlıq, şəhərsalma və dövlətçilik prinsiplərinin müasir Azərbaycanın inkişaf modelində tutduğu yerdən bəhs edib. Bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik prinsipləri müasir Azərbaycanın dayanıqlı inkişaf modelinin əsasını təşkil edir. Ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, infrastruktur layihələri və şəhərsalma sahəsində aparılan islahatlar Ulu öndərin inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir.
Konfransda çıxış edənlərin hər biri Heydər Əliyevin təşəbbüsü və memarlıq irsimizə göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəllərinin ucaldıldığını, tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeylərinin yaradıldığını qeyd ediblər.
Çıxışlarda tarixi yaddaşın qorunması, müasir şəhərsalma mədəniyyətinin formalaşdırılması istiqamətində keçirilən tədbirlərin iştirakçıların maariflənməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.






