Zərdab Rayon İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması), 10.12.4-cü (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması) bəndlərinin icrasını təmin etmək məqsədilə 18.12.2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində maarifləndirmə xarakterli tədbir keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısının müavini-sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional Bölməsinin aparıcı məsləhətçisi Məhəmməd Məmmədov və məsləhətçisi Ülviyyə Həsənova, ümumtəhsil məktəblərinin direktorları, körpələr evi-uşaq bağçasının müdirləri, şəhər, kənd və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Pərvin Pahmudova tədbiri giriş sözü ilə açaraq bildirib ki, rayonda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi, sağlam və rasional qidalanma istiqamətində təşviqat işinin aparılması məqsədini daşıyır. Bu baxımdan problemin ciddiliyi və dövlət proqramında üzərimizə qoyulan öhdəliklərin icrasının zəruriliyini nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə belə bir maarifləndirmə tədbirinin keçirilməsi məqsədəuyğun hesab edilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasında əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına tələbatının daha dolğun və davamlı təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər öz müsbət nəticələrini verməkdədir. Dünyanın hər bir qitəsində qida mənşəli xəstəliklərə yoluxma və qida zəhərlənməsi hallarının artması qeydə alınır. Qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan, qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir. Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətədavamlı olması, ölkəyə xarici valyuta axınının artması kimi faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır.
Sonra Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional Bölməsinin əməkdaşları Məhəmməd Məmmədov və Ülviyyə Həsənova tərəfindən maarifləndirmə xarakterli söhbətlər aparılıb.
Sonda tədbir iştirakçıları ilə mövzu barədə diskussiyalar aparılıb, onlara bukletlər paylanılıb.