Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Novruz bayramı münasibətilə Zərdab rayon sakinlərinə təbriki
Əziz zərdablılar,
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.
Bu gün xalqımız həm şanlı Qələbə, həm də Novruz bayramı sevincini birgə yaşayır. Artıq işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdış proqramının icrasına başlanılmışdır. Möhtərəm Prezidentimizin dediyi kimi, tezliklə bütün Qarabağ torpaqları yenidən cənnətə dönəcəkdir. Bayram sevinci yaşadığımız bu günlərdə fərəhlə bildirmək xoşdur ki, geridə qalmış 2024-cü ildə rayonumuzda bir çox uğurlara imza atılmışdır. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda qarşıya qoyulmuş vəzifələrin icrasına xüsusi diqqət yetirilmişdir. Təhsil, səhiyyə, gənclər, sosial-iqtisadi, aqrar sahədə nailiyyətlər əldə olunmuş, tikinti və abadlıq sahəsində bir çox layihələr həyata keçirilmişdir. Sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun artırılması istiqamətində mühüm addımlar atılmışdır.
Aparılmış islahatlar, görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir. Azərbaycan müasirləşir, yeniləşir, ölkəmizdə sabitlik hökm sürür. Bu sabitliyin təminatçısı Azərbaycan xalqıdır, sarsılmaz xalq-iqtidar birliyidir, uzaqgörən xalqımızın müdrik Prezidentimizə verdiyi yüksək dəstəkdir. Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamları ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqlarının, pensiya və təqaüdlərin ardıcıl olaraq artırılması əhali tərəfindən dərin razılıq hissi ilə qarşılanmışdır. Xalqımız öz müdrik Prezidentinə inanır, onun daxili və xarici siyasətini ürəkdən bəyənir, ətrafında daim sıx birlik nümayiş etdirir.
İnanırıq ki, Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı kimi, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızı daha böyük uğurlar, xoşbəxt gələcək gözləyir.
Bir daha rayonumuzun bütün sakinlərini milli Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə bayram ovqatlı, Novruz təravətli firavan günlər arzulayıram.
Novruz bayramınız mübarək olsun!
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə