Zərdab Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatı
Məlumat üçün bildiririk ki, Birinci Qarabağ müharibəsində şəhid olmuş İbişov Naməddin Tacəddin oğlunun həyat yoldaşı İbişova Nargilə Əlibala qızı 28.06.2019-cu ildə Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. İbişova Nargilə Əlibala qızının 1994-cü ildən 2019-cu ilədək olan 25 il müddətində mənzil növbəsinə alınmamasının səbəbi özünün də qeyd etdiyi kimi qaynı tərəfindən buna icazə verilməməsidir. İcra Hakimiyyəti olaraq dəfələrlə İbişova Nargilə Əlibala qızının evinə baxış keçirilmiş, qərara alınmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ev tikilənədək müvəqqəti olaraq N.İbişova kirayə haqqı Rayon İcra Hakimiyyəti tərəfindən ödənilmək şərtilə yaşadığı kənddə kirayə mənzillə təmin edilsin, bu məqsədlə kənd ərazisindən ev tapılaraq ailəyə göstərilmişdir. Buna baxmayaraq övladlarının təkidi ilə N.İbişova Rayon İcra Hakimiyyəti tərəfindən ona edilən bu təklifdən imtina etmişdir. Onu da qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi ilə N.İbişova sonuncu dəfə 19.09.2024-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavininin Göygöl rayonunda keçirdiyi vətəndaş qəbulunda iştirak etmişdir. Bundan əlavə o mənzillə təmin edilməsinə köməklik göstərilməsi üçün müxtəlif vaxtlarda da yuxarı orqanlar tərəfindən keçirilmiş vətəndaş qəbullarında iştirak etmişdir. Şəhid ailələrinin və Qarabağ əlillərinin mənzillə təminatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə daxildir.