Zərdab rayonu üzrə 2022-2023-cü tədris ilini qızıl, gümüş nişanla bitirən, Respublika Fənn Olimpiadalarında uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə görüş keçirilib
11.09.2023-cü il tarixdə “LM Palace” şadlıq sarayında Zərdab rayonu üzrə 2022-2023-cü tədris ilini qızıl, gümüş nişanla bitirən, Respublika Fənn Olimpiadalarında uğur qazanan və ali məktəblərə yüksək nəticələrlə qəbul olan tələbələrlə və onların valideynləri ilə görüş keçirilmişdir. Görüşdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, rayonun hüquq və mühafizə orqanları, idarə və təşkilatların nümayəndələri, Şəhid ailələri və qazilər, məktəb direktorları, müəllimlər, valideynlər, tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə ali təhsil ocaqlarına qəbul imtahanlarından uğurla keçərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyət arzulayıb. Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı ölkəmizdə təhsilin inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb. Bildirib ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev gənclərin təhsilinə, hərtərəfli hazırlığına böyük önəm verir, müstəqil Azərbaycanı inamla işıqlı gələcəyə doğru aparır. Müasir gənclik qalib bir dövlətin vətəndaşı olduğu üçün fəxr etməli, yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirməli, ölkəmizin daha da çiçəklənməsi və qüdrətlənməsi naminə var qüvvə ilə çalışmalıdır. İcra başçısı tələbə adını qazanan gəncləri təbrik edərək tələbəlik həyatında onlara uğurlar arzulayıb. Millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədr müavini, elmlər doktoru, professor Jalə Əliyeva, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışlarında ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənləri, eləcə də onların timsalında tələbə adı qazanan bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik edərək ölkəmizin gələcəyinin məhz bu gün ki gəncliyin uğurlarından daha çox asılı olduğunu vurğuladılar. Qeyd edək bu il Zərdab rayonundan 176 nəfər Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ölkəmizin müxtəlif ali təhsil müəssisələrinə qəbul olublar. Onlardan bir nəfəri qızıl, bir nəfəri isə gümüş nişanla məktəbi bitirmişdir və 15 nəfəri 500-dən yüksək bal toplamışlar. Həmçinin 3 nəfər şagird Respublika fənn olimpiadasında qızıl, gümüş və bürünc medal qazanmışlar. Tədbirdə iştirak edən tələbələr və onların valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Mərdan Camalzadəyə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlara xatirə hədiyyələri təqdim edilərək xatirə şəkilləri çəkildi.