Zərdab rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Zərdab rayonunda 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlərin Xatirə parkında 20 Yanvar şəhidlərinin xatirəsinə inşa olunmuş abidə rayon ictimaiyyəti tərəfindən ziyarət edilib.
Öncə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş rəsm işlərinə baxış keçirilib, torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçmiş, şəhid olmuş vətən övladlarının ruhuna dualar verilib.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, YAP Zərdab rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, RİH başçısı Aparatının əməkdaşları, QHT üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri 20 Yanvar abidəsi önünə gül dəstələri qoyaraq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımıza qarşı törətdiyi qanlı terrordan danışaraq, qeyd etdi ki, faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixində ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə birlikdə xalqına böyük bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış etdi. Ulu Öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar faciəsinin Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunduğunu vurğuladı.
Saat 12:00-da bütün rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.