Zərdab rayonunda 27 sentyabr “Anım günü” ilə əlaqədar tədbirlər keçirilir
27 sentyabr “Anım günü” ilə əlaqədar Zərdab rayonunda keçirilən silsilə tədbirlər bu gün də davam etdirilir.
Əvvəlcə Heydər Əliyev parkında şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası təşkil edilmiş, 250 ədəd müxtəlif növ ağaclar əkilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları, millət vəkili Jalə Əliyeva, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri tərəfindən Zərdab şəhərindəki Şəhidlərin xatirə parkındakı abidə ziyarət olunmuş, önünə gül-çiçək dəstələri qoyulmuş, Vətən müharibəsinə həsr olunmuş divar qəzetlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Sonra abidə önündə anım mərasimi keçirilmişdir. Anım mərasimində çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə 44 günlük Vətən müharibəsinin başlama səbəbləri və gedişi barədə məlumat vermiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Vətən müharibəsində böyük, tarixi qələbənin qazanılmasına Zərdab rayonu da öz töhfəsini vermişdir. Müharibədə rayonumuz 8 şəhid vermiş, yüzlərlə yaralananlarımız olmuşdur. Respublika Prezidentinin sərəncamı ilə Vətən müharibəsində qəhrəmanlıq və şücaət göstərmiş yüzlərlə zərdablı Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edilmişlər. Şəhidlərimizin adı əbədiləşdirilərək küçələrə adları verilmiş, Gəlmə kəndində şəhidlərin dəfn olunduğu məzarlıq yenidən qurulmuş, Şəhidlərin xatirə parkında şəhidlərin fotoşəkilləri həkk olunmuş xatirə abidəsi quraşdırılmış, ayrı-ayrı yaşayış məntəqələrində xatirələrinə abidələr ucaldılmış, bulaqlar tikilmiş və bu istiqamətdə işlər bu gün də davam etdirilir.
Anım mərasimində millət vəkili Jalə Əliyeva çıxış edərək bildirmişdir ki, 27 sentyabrın Anım Günü kimi qeyd olunması Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları çıxış edərək şəhidlərin xatirəsinə göstərilən bu böyük diqqət və qayğıya görə cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Sonra Gəlmə kənd qəbiristanlığında dəfn edilmiş şəhidlərin məzarları ziyarət olunmuşdur.
Saat 12:00-da rayon ərazisində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra rayonun digər yaşayış məntəqələrində olan şəhidlərin məzarları ziyarət olunmuş, ailələri ilə görüşlər keçirilmişdir.