Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

23 iyun 2026 | 12:57
Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan dövlət qulluqçuları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Bayram münasibətilə təşkil olunmuş tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə iştirakçıları təbrik edib, ölkəmizdə dövlət idarəçiliyi sahəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinin əsasında Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi fundamental islahatlar dayanır. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin siyasi kursun uğurla davam etdirilməsi nəticəsində ölkəmizin qüdrəti və beynəlxalq mövqeyi daha da güclənir. Rayon rəhbəri çıxışında dövlət qulluqçularının rayonun sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynadıqlarını, həyata keçirilən layihə və təşəbbüslərin icrasında onların əməyinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ərazi-təşkilat məsələləri sektorunun böyük məsləhətçisi Vahid Teymurov və Rayon İHB-nın Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlvan Muradov rayonun ictimai həyatında fəal iştiraklarına görə Zərdab Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif ediliblər.
Çıxış edən dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, eləcə də fəaliyyətlərinə verilən yüksək qiymətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Jalə Əliyeva dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, dövlət qulluqçuları ölkənin inkişafında, vətəndaş məmnunluğunun təmin olunmasında və dövlət siyasətinin uğurla həyata keçirilməsində mühüm missiya daşıyırlar. Deputat qeyd edib ki, dövlət qulluğunda peşəkarlığın, məsuliyyətin və şəffaflığın gücləndirilməsi ölkəmizdə həyata keçirilən idarəetmə islahatlarının əsas prioritetlərindən biridir. O, bütün dövlət qulluqçularına fəaliyyətlərində uğurlar arzulayaraq onların gələcəkdə də dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verəcəklərinə əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər